Ana səhifə
Ərazi aidiyyəti (MƏHKƏMƏ)

Ərazi aidiyyəti (MƏHKƏMƏ)

Mülki işlərə dair iddiaları 1-ci instansiya məhkəməsinə, yəni rayon (şəhər) məhkəmələrinə verən zaman belə bir sual yaranır: bu iddianı hansı rayon (şəhər) məhkəməsinə verməliyəm?

Hüquqi termin belədir: Ərazi aidiyyəti. Yəni ki mülki işləri ərazi aidiyyətinə uyğun məhkəməyə təqdim etmək lazımdır.

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə görə - iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, yəni cavabdeh hansı rayonda rəsmi qeydiyyatdadırsa, həmin rayon (şəhər) məhkəməsinə də verilir. Cavabdeh - kimi ki məhkəməyə veririk o şəxsdir.

 

Lakin istisnalar da vardır. Bu istisnalardan ancaq “iddiaçının seçməsinə görə aidiyyət”dən bəhs edəcəm. Sadə dildə desəm, cavabdehə görə deyil, iddiaçının yaşadığı yerə görə müvafiq məhkəməyə verilir. Yəni iddiaçı (ərizə verən şəxs) Qazax rayonunda qeydiyyatdadırsa, yaxud yaşayırsa, iş Qazax Rayon Məhkəməsinə verilir, Lənkəranda qeydiyyatdadırsa, Lənkəran Rayon Məhkəməsinə verilir və s.

 

Bəs hansı hallarda İDDİAÇI öz yaşadığı yerə görə məhkəməyə müraciət edə bilər?

 

İddiaçının seçməsinə görə aidiyyәt işlərinin siyahısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində konkret göstərilib. Mən isə Sizə onların bir neçəsini izahlı şəkildə yazacam.

1.      Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

2.      Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Əgər sizin həyat yoldaşınız həbsdədirsə və siz boşanmaq istəyirsinizsə, o zaman öz yaşadığınız rayon məhkəməsinə müraciət edə bilərsiniz.

3.      Əgər boşanmaq istəyirsinizsə, sizinlə yaşayan 18 yaşına çatmamış uşağınız varsa, yaxud da xəstə olduğunuz üçün başqa rayon məhkəməsinə gedib gəlmək sizə çətinlik yaradacaqsa, o zaman da öz yaşadığınız rayonun məhkəməsinə müraciət edə bilərsiniz.

4.      Cinayət işlərində qanunsuz olaraq həbs edilmisinizsə, yaxud digər qətimkan tədbirləri tətbiq ediblərsə, Sizə dəymiş zərərin ödənilməsi ilə bağlı əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması işlərində də öz yaşadığınız rayon məhkəməsinə müraciət edə bilərsiniz.

5.      İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.

6.      İstehlakçıların hüquqlarının müdafiəsi üzrə işlərdə də iddiaçı öz yaşadığı yerin məhkəməsinə müraciət edə bilər.

7.      Başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddialar da iddiaçının öz yaşadığı yerə görə verilə bilər. Təbii ki iddiaçı Azərbaycan Respublikası vətəndaşıdırsa.

 

Başqa aidiyyət məsələləri də vardır. Məsələn: müstəsna aidiyyət, müqavilə aidiyyəti, məhkəmə aidiyyəti və s...

 

Əgər hansı məhkəməyə müraciət edəcəyinizi bilmirsinizsə, yaxud da bu məsələlərlə bağlı digər suallarınız yaranarsa: +994 55 588 51 51 whatsapp vasitəsilə yazıb, yaxud da zəng edərək soruşa bilərsiniz.